Dünya Çempionatına vəsiqə uğrunda təxirə salınmış pley-off oyunu olacaq.

Şotlandiya millisi doğma meydanda Ukrayna seçməsi ilə qarşılaşacaq. Cütün qalibi finalda Uels seçməsi ilə üz-üzə gələcək. İyunun 5-də Kardiffdəki matçda mundiala Avropa qitəsindən sonuncu vəsiqənin sahibi müəyyənləşdirəcək. Görüşdən əvvəl baş məşqçilər jurnalistlərin suallarını cavablandırıblar. Şotlandiya millisinin uğurları üçün çalışan Stiv Klark ehtiyyatlı açıqlamaları ilə diqqət çəkib: “Ukrayna millisinin hansı şərtlərdə oyuna hazırlaşdığı hər kəsə məlumdur. Bu barədə çox danışmaq istəmirəm. Oyuna yaxşı hazırlaşmışıq, bununla belə rəqibin də necə keyfiyyətli futbolçulara sahib olduğunu inkar edə bilmərəm. Mundialda olmaq bizim üçün çox önəmlidir" 

Ukrayna millisinin baş məşqçisi Aleksandr Petrakov isə bütün çətinliklərə baxmayaraq komandasının uğurlu nəticə əldə edəcəyinə inanır: “ Hazırda bizim üçün ən vacib məsələ komandada ruh-yüksəkliyi yaratmaqdır. Yalnız bu amil bizi istədiyimiz nəticəyə apara bilər. Futbolçuların qayğıları narahatlıqları var. Amma bu, bizim  oyuna hazırlığımıza heç bir təsir göstərməyib. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edık ki, Qlazqonun Hempden Park stadionunda keçiriləcək matç bu gün Bakı vaxtilə saat 22.45-də start götürəcək.